Life Is Strange (azərb. Həyat qəribədir) — Fransanın Dontnod Entertainment şirkəti tərəfindən hazırlanan və Square Enix tərəfindən Linux, Microsoft Windows, OS X, PlayStation 3, PlayStation 4, Xbox One, Xbox 360, iOS və Android platformaları üçün buraxılan epizodik macəra oyunu. Videooyun 5 hissədən ibarət olub, 2015-ci il boyunca periodik olaraq yayımlanmışdır. Oyunun baş qəhrəmanı olan 18 yaşlı fotoqrafiya tələbəsi Maks Kolfild (ing. Max Caulfield) zamanı geriyə çəkmək bacarığına malikdir. Bu unikal güc sayəsində o, əvvəlki qərarlarını və onun nəticələrini dəyişə bilir. Oreqon ştatındakı “Arcadia Bay” adlı dənizkənarı şəhərdə yaşayan Maks, uşaqlıq dostu Kloi ilə yenidən bir araya gəlir. Onlar birlikdə müəmmalı şəkildə itkin düşən başqa bir tələbə yoldaşı Reyçel Emberin başına nə gəldiyini öyrənməyə çalışırlar. Cavab axtararkən Maks həm də şəhəri yerlə-yeksan edəcək tornado ilə bağlı təkrarlanan görüntülər görür. “Life is Strange”in hazırlanmasına 2013-cü ilin aprel ayından başlanmışdır. Maliyyə problemləri səbəbindən oyun epizodik formatda hazırlanmışdır. 2015-ci ilin may ayında oyunçulara təqdim olunan videooyun personajların fərqliliyinə görə, zamanı geriyə alma mexanizminə görə və eyni zamanda oyunun ssenarisində cinsi bərabərlik, homoseksualizm kimi müxtəlif dünya ölkələrində tabu ola biləcək mövzulara toxunulduğuna görə tənqidçilər tərəfindən əsasən müsbət rəylər almışdır. Oyun müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülmüşdür. 2017-ci ilədək oyunun üç milyondan artıq rəqəmsal nüsxəsi satılıb.
Developed by StudentB